AlmaQurdu

Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərində Oqtayın milli teatrı yaratmaq və inkişaf etdirmək arzuları

        Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də Cəfər Cabbarlıdır. Təməl daşı M.F.Axundzadə tərəfindən qoyulan milli dramaturgiyamızın inkişafında, yeni mövzu və rəngarəng surətlər silsiləsi və zənginləşməsində onun böyük rolu vardır. Həyat hadisələrini realist mövqedən işıqlandıran sənətkar «Solğun çiçəklər», «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almaz», «Yaşar» kimi ölməz səhnə əsərləri yaratmış, tariximizin və müasir həyatımızın bir sıra mühüm məsələlərini ədəbiyyata gətirərək fəal vətəndaş mövqeyinin bədii həllini vermişdir.
        C.Cabbarlı bədii yaradıcılığa şeir yazmaqla başlamışdır. Onun «Bahar» adlı ilk şeiri 1915-ci ildə «Məktəb» jurnalında dərc edilmişdir. Sonralar daha çox dramaturji fəaliyyətlə məşğul olan sənətkar şeir və nəsrdən də uzaqlaşmamış, arabir bu janrlarda da maraqlı və məzmunlu əsərlər yaratmışdır.
        XX əsr Azərbaycan ədəbiyyatında C.Cabbarlı məhz dramaturq kimi tanınmış, dramaturq kimi şöhrət qazanmışdır. Görkəmli ədib özünün dram əsərlərində əhəmiyyətli ictimai mövzulara toxunmuş, geriliyi, köhnə qayda və qanunları tənqid etmiş, pulpərəstliyin, tamahkarlığın insan cəmiyyətindəki pozucu rolunu, insanları bədbəxt etməsini göstərmişdir. İlk qələm təcrübələri olan «Vəfalı Səriyyə» və «Solğun çiçəklər» pyeslərində C.Cabbarlı pulun insanlara pozucu təsirini əks etdirmiş, tamahkarlıq və maldövlət hərisliyinin insanları bədbəxt etdiyini açıb göstərmişdir.
        C.Cabbarlının ən yaxşı dram əsərlərindən biri «Oqtay Eloğlu» faciəsidir. 1922-ci ildə yazılmış bu əsərdə vətənini və xalqını hədsiz məhəbbətlə sevən sıravi bir aktyorun, sadə bir vətən övladının milli teatr yaratmaq uğrundakı mübarizəsindən, onun bu yolda qarşılaşdığı çətinlik və məhrumiyyətlərdən bəhs olunur.
        Əsərin əsas qəhrəmanı Oqtaydır. Oqtay aktyordur, yaradıcı bir sənətkardır. Oqtay öz qarşısına yüksək, lakin yüksək olduğu qədər də çətin bir vəzifə qoymuşdur. Onun ən yüksək arzusu, həyat idealı Azərbaycan xalqının teatrını yaratmaq və onu inkişaf etdirməkdir. Onun nəzərində milli teatr xalqın özünüdərkidir. Çünki millət özünü təsdiq etmək istəyirsə, öz teatrının, milli mədəniyyətini yaratmalıdır. Bunu isə millət üçün başqaları yox, ancaq öz qeyrətli övladları yarada bilər. Oqtay öz fikrini dostu Səməd bəyə belə bildirir: «Başqalarında səhnə, mədəniyyət, hər şey var, bizdə yox. Yaşamaq istəyiriksə, yaratmalıyıq.»
        Oqtayın bütün həyatı qarşısına qoyduğu ali məqsədlə bağlıdır. O, cibinin axırıncı qəpiyini də səhnə üçün xərcləməyə hazırdır. Evdə anası və bacısı çətin bir güzəran keçirirlər. Oqtayın özü də həmişə çətinliklər məngənəsindədir. Lakin Azərbaycan səhnəsini yaratmaq onun üçün daha müqəddəsdir.
        Oqtayın qarşısına çıxan çətinliklərdən biri də bundan ibarətdir ki, o, teatrda elə-belə işləyən, kifayət qədər peşəkar vərdişləri olmayan Şalıqulu, Tamara, Şəkinski, Mazandaranski, Xaspolad kimi aktyorlarla birgə fəaliyyət göstərməyə məcburdur. Əslində teatrın bütün ağırlığı Oqtayın boynundadır. Oqtay bu çətinliklərə də sinə gərir, ruhdan düşmür.
        Lakin tale Oqtay üçün daha ciddi çətinliklər meydana çıxarır. Bunlardan biri onun varlı qızı Firəngizlə olan məhəbbətidir. Oqtay onsuz da faciəli bir həyat yaşayırdı. Firəngizlə münasıbətləri isə onun faciəsini daha da dərinləşdirir. Dərin məhəbbətlə sevdiyi Firəngiz qardaşı Aslan bəyin təhriki ilə məcburən ona rədd cavabı verir. Oqtay bu görüşdən sonra tam sarsılır, insanlığa, cəmiyyətə nifrət edir. Bundan sonra onun daha məşəqqətli həyatı başlayır. Qubernatoru təhqir etdiyi üçün həbs edilir, sürgünə göndərilir.
        Oqtayla son görüşdən sonra Firəngiz də faciəli bir həyat yaşayır. Onu zorla Danyar bəyə ərə verirlər. Çox keçmir ki, Danyar bəy onun bütün vardövlətini qumarda uduzub müflisləşir və Firəngizi boşayıb başqa zəngin bir qadınla evlənir.
        On illik ayrılıqdan sonra Oqtay yenə vətənə qayıdır. Ülvi məhəbbətlə sevdiyi səhnəyə qayıtmaq istəyən Oqtay yenidən çətinliklərlə qarşılaşır. Onun düşmənləri tamaşanı pozmaq, onu mənən əzmək istəyirlər. Bu anda Firəngizi köməyə atılır, qəsdən tamaşaya gəlməyən aktrisanı əvəz edərək Amaliya rolunu ifa edir. Lakin Firəngizi səhnədə görən Oqtay daha da sarsılır və Şillerin «Qaçaqlar» faciəsındəki Karl rolunu yox, öz həyatını, öz rolunu oynayır. O, güclü əsəb gərginliyi altında bıçaqla Firəngizi öldürür. Oqtay bilir ki, Firəngiz bu gün səhnəyə çıxmışdırsa da, sabah yenə də Aslan bəylərin təhriki ilə səhnədən gedəcək, yenə əllərdə oyuncağa çevriləcəkdir. Firəngizi öldürməkdə Oqtayın məqsədi onu ideal bir vəziyyətdə yaşatmaq, onun yenidən əllərdə oyuncağa çevrilməsinə imkan verməməkdir.
        Oqtay Eloğlu XX əsr Azərbaycan ziyalılarının, vətənpərvər, əməlpərvər gənclərin ümumiləşdirilmiş obrazıdır. Bu qəhrəman böyük dramaturqumuzun yaratdığı qüvvətli, işıqlı insan xarakterləri içərisində xüsusi bir yer tutur.
        «Oqtay Eloğlu» əsəri bu gün də Azərbaycan həyatının müəyyən tarixi dövrünü, həmin dövrün əməlpərvər gəncliyini əks etdirən bir sənət nümunəsi kimi çox qiymətlidir. Əsər bu günümüz üçün də aktualdır, tez-tez tamaşaya qoyulur və oxucular tərəfindən sevilə-sevilə oxunur