AlmaQurdu

Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində əsas obrazlar

 XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri Cəlil Məmmədquluzadədir. O, Azərbaycan ədəbi-ictimai fikir tarixində böyük yazıçı, görkəmli publisist, mütəfəkkir və ictimai xadim kimi tanınmışdır. Cəlil Məmmədquluzadə böyük ədəbi məktəb yaratmış, Azərbaycan ədəbiyyatında yeni cığır açmış sənətkardır. Yeni ədəbiyyatın ən qüdrətli ədəbi cərəyanı olan realizm üslubunun şəkil və məzmun xüsusiyyətlərinin dürüst müəyyən edilməsində onun əsərləri əvəzsiz və tükənməz mənbədir.
        Cəlil Məmmədquluzadə ədəbi yaradıcılığa «Çay dəstgahı» adlı alleqorik pyesi ilə başlamışdır. Az sonra o, «Kişmiş oyunu» hekayəsini qələmə almış, 1894-cü ildə isə ilk irihəcmli nəsr əsəri olan «Danabaş kəndinin əhvalatları» povestini yazmışdır. Yazıçının ədəbi irsində yüksək səviyyəli əsərlər çoxdur. Onun kiçik hekayələrindən tutmuş irihəcmli dramlarına qədər bütün əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsinin əvəzsiz inciləridir.
        Mirzə Cəlil realizminin ən bariz təcəssümlərindən biri «Danabaş kəndinin əhvalatları» povestidir. Əsərdə XIX əsrin sonları üçün Azərbaycan kəndinin feodal-patriarxal mühiti, zülm və özbaşınalıqlar, xalqı cəhalətdə saxlayan mövhumat və xürafat əks etdirilmişdir. Bu kəndə verilən Danabaş xüsusi adı da mənalı və simvolik bir addır. Bu ad yalnız Xudayar bəy kimi kəndxudaları, pul üçün islam qanunlarını ayaqlayan qazıları, qlava və kərbəlayıları deyil, bütövlükdə zülmət və qaranlığa bələnmiş feodalpatriarxal bir mühiti və bu mühitin cəhalət və nadanlıq girdabında saxladığı kəndliləri də səciyyələndirir.
        Bu zülmət və cəhalət dünyasının ən mənfi surəti Xudayar bəydir. Xudayar bəy son dərəcə alçaq, ikiüzlü, xəbis və murdar bir adamdır, acgöz və qəddar bir insandır. O, özünü guya həmkəndlisi Kərbəlayi Heydərə dost kimi göstərir, lakin Heydər ölən kimi onun var-dövlətini ələ keçirmək üçün dostunun arvadına elçi düşür. Zeynəb tərəfindən ikrahla rədd edilən Xudayar bəy əl çəkmir, bu yazıq qadına elə bir fitnə toru qurur ki, Zeynəb iki od arasında qalır. Bir evi yıxmaq üçün Xudayar bəy başqa bir evi uçurur, mömin Məhəmmədhəsən əminin Kərbəla ziyarəti üçün bəslədiyi eşşəyi ondan alıb satır və beləliklə də, bu ailəni gözüyaşlı qoyur. Xudayar bəy eşşəyin pulunu qazıya rüşvət verərək Zeynəbə qanunsuz kəbin kəsdirir, kəndin qlavası və qoluzorluları kimsəsiz qadının üstünə gələrək zorla onu Xudayar bəyin evinə aparmaq istəyır, ona hədə-qorxu gəlirlər. Bütün bunlar azmış kimi Xudayar bəy bir tərəfdən də Zeynəbin oğlu Vəliqulunu aldadaraq balanı anaya qarşı qaldırır. Əlbəttə, bütün bu qaragüruha qarşı qalxmaq Zeynəbin iqtidarında deyildir. Onu sındırırlar, əzirlər, tapdalayırlar. Zeynəb bir neçə ay Xudayar bəyin evində qalıb anadan içdiyi süd burnundan gələndən və var-yoxu əlindən çıxandan sonra qovulur, Xudayar bəy də üçüncü arvad alıb vicdansız və zalım həyatını davam etdirir.
        Xudayar bəyi quduzlaşdıran və azğınlaşdıran yaramaz ictimai quruluşun əzib təhqir etdiyi insanlardan biri də Məhəmmədhəsən əmidir. Məhəmmədhəsən əmi avam və məzlum kənd yoxsullarının ümumiləşdirilmiş surətidir. Fağır, üzüyola, zəhmətkeş və ailəcanlı bir insan olan Məhəmmədhəsən əminin bütün ömrü əzab-əziyyət içində keçmiş, tale heç bu kişinin üzünə gülməmişdir. Qoca vaxtında Kərbela ziyarətinə getmək həvəsinə düşürsə də, Xudayar bəy onun bu arzusunu da gözündə qoyur. Müəllif onun simasında zülmə hədsiz dözümlülüyü, avamlıq və nadanlığı kəskin tənqid edir. Məhəmmədhəsən əmi o qədər ifrat dindar, o qədər avam və nadandır ki, Xudayar bəyin onun eşşəyini aparıb satmasını, Kərbəla ziyarətinə gedə bilməməsini, hətta naçalnikin onu divanxanadan qovmasını da alın yazısı ilə, qəzavü-qədərlə bağlayır. Onun bu məzlumluğu və nadanlığı arvadı izzəni də çərlədib öldürür.
        «Danabaş kəndinin əhvalatları» povestində ömrü faciəli insanlardan biri də Şərəfdir. O, Xudayar bəyin arvadı olsa da, çox bədbəxt adamdır. Xudayar bəy onun evlənməsinə etiraz edən bu üç uşaq anasının saçlarından tutub evin içində sürüyür, onu vəhşicəsinə döyür.
        Əsərdə üç ailənin faciəsi göstərilir ki, bunların üçünün də səbəbkarı əslində iki eşşəyin arpasını bölə bilməyən, lakin alçaq bir yolla kalta seçilən əli zoğal dəyənəkli Xudayar bəydir. Onun əlinə bu dəyənək verən isə qanunsuz ictimai quruluş, zülmət və istismar dünyasıdır. Əsərdə də müəllifın əsas tənqid hədəfi ictimai quruluş və onun yetişdirdiyi özbaşınalıq və yaramazlıqlar mövhumat və xürafatdır.
        C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti realist nəsrimizin ən kamil nümunələrindən biri kimi bu gün də oxucuların diqqət mərkəzindədir və indi də sevilə-sevilə oxunur.