AlmaQurdu

Böyüklərə hörmət hər kəs hörmət etməlidir

        Hər bir xalqın əsrlər boyu formalaşan özünəməxsus adət-ənənələri, milli, mənəvi-əxlaqi dəyərlər sistemi vardır. Azərbaycan xalqı üçün mentalitetimizdə mühüm yer tutan böyüklərə hörmət hissi belə dəyərlərdəndir. Hər bir azərbaycanlı gənc valideynlərinin hörmətini saxlamağı, ictimai yerlərdə yaşlı nəslin təmsilçilərinə kömək göstərməyi, onlara yol verməyi özünə mənəvi borc sanır. Bu anlayış bizim üçün o qədər önəmlidir ki, hətta dilimizdə bununla bağlı bir sıra daşlaşmış ifadələr də yaranmışdır. Böyüksüz yerdə oturma, yol böyüyündür, böyüksüz yer bərəkətsiz olur və s.
        Böyüklərə hörmət anlayışının azərbaycanlıların həyatına və məişətinə daxil olmasının tarixi çox qədimdir. Xalqımızın söz abidəsi olan «Kitabi- Dədə Qorqud» dastanında oxuyuruq ki, qədim Oğuz elində böyük-kiçik münasibətlərinə ciddi əhəmiyyət verilirdi. Dastanda el ağsaqqalı Dədə Qorqud müqəddəslik zirvəsinə yüksəldilib. O, gənclərə ad qoyur, onlara nəsihətlər verir, düzgün yol göstərir. Gənclər də nə qədər şan-şöhrət tapsalar belə, müdrik el ağsaqqalına dərin hörmət bəsləyir, onun qarşısında ehtiramla baş əyərək nəsihətlərinə əməl edirlər. Oğuz elinin adətlərinə görə böyüyün bir sözünü iki edən gənc cəmiyyətdə qəbul olunmur...
        Əcdadlarımızın bu gözəl adəti zamanın sınağından çıxaraq bizim dövrümüzədək gəlib çatmışdır. Bunu cəmiyyətin özəyi hesab olunan ailənin timsalında aydın görmək mümkündür. Sirr deyil ki, Azərbaycan ailəsinin əsas dayaq prinsiplərindən biri valideyn-övlad münasibətləridir. Ailədə sanki təbii vəzifə bölgüsü aparılır. Ana övladına həyat bəxş edir, ömrünü şam kimi onun yolunda əridir. Övladın ayağına dəyən kiçik bir daş ananın qəlbini sızladır. Ata ailənin çörək ağacı, övladın qürur yeridir. O, övladlarının heç nədən korluq çəkməmələri, özlərini həyatda arxalı hiss etmələri üçün gecəgündüz çalışır, ağır zəhmətə qatlaşır. Bütün bunların müqabilində övladın ata-anaya böyük məhəbbəti yaranır. Valideyn yaşa dolub fiziki imkanları azalanda övlad ona dayaq durur, xəstələnəndə qayğısına qalır.
        Əlbəttə, övladlar arasında da ana südünə, ata zəhmətinə xilaf çıxanlar olur. Bu yaxınlarda televizorda tamaşa etdiyim bir süjet məni dəhşətə gətirdi. Ahıllar günü münasibətilə hazırlanan reportajda Bilgəhdəki qocalar evinin sakinlərinin acı talelərindən söhbət açılırdı. Onları kimsəsizlik kimi ağır dərdə övlad biganəliyi mübtəla etmişdi. Jurnalist baxışlarından nisgil yağan, dərd-qəm tökülən, ancaq hələ də uzanan yollara ümidlə baxan bu qocaları elə belə də təqdim etdi: Talesiz insanlar.
        Bu süjetə baxandan sonra tez-tez düşünürəm: görəsən, ahıl yaşlarındakı valideynlərini atan, onları həyatın çətinlikləri ilə üz-üzə qoyan övladlar öz günahlarını nə ilə yuyacaqlar? Mənim qənaətimə görə, bu günahı heç vaxt heç nə ilə yumaq mümkün olmayacaq, bu silinməz ləkə bütün həyatları boyu nankor övladlarının üzərlərində qalacaqdır...
        Xalqımızın mentalitetində böyük-kiçik münasibətləri yalnız ailə çərçivəsində məhdudlaşmır. Adətən, hər nəsildə sözü eşidilən bir və ya bir neçə ağsaqqal olur. Bundan başqa, geniş həyat təcrübəsinə malik olan müdrik şəxslərə bütün xalq arasında dərin hörmət bəslənilir. Insanlar çətinə düşəndə, münaqişələrlə üzləşəndə onların dəyərli məsləhətlərindən faydalanırlar.
        Göründüyü kimi, həyatda böyüklərə hörmət göstərməyi zəruri edən amillər çoxdur. Bunların içində bir cəhəti, xüsusilə nəzərə almaq lazımdır. İnsan ömrü müxtəlif yaş mərhələlərindən ibarətdir. Həyatda hamı yaşa dolur. Illər ötdükcə hər kəsin yaşının üstünə yaş gəlir. Deməli, böyüklərə ən azı ona görə hörmət göstərməliyik ki, bizdən sonra gələn nəslin nümayəndələri də bizim hörmətimizi saxlasınlar...
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol