AlmaQurdu

Bizim Sinif

        Mən Bakı şəhərindəki 3 saylı məktəbin VII «a» sinfində oxuyuram. Istəyirəm sinfımizlə siz də tanış olasınız. Əvvəlcə sinif otağımız barədə söhbət açmaq istəyirəm. Bizim sinif otağı dördüncü mərtəbədə yerləşir. Sinif otağımızın dörd böyük pəncərəsi var, buna görə də kifayət qədər işıqlıdır. Hər pəncərənin qarşısında gül dibçəkləri qoyulub. Bu dibçəklərdə rəngbərəng güllər bitir. Biz onların üzərində müşahidələr aparır, fəsillərə uyğun dəyişmələrini, necə boy atmalarını izləyirik.
        Ümumiyyətlə, sinif otağımızın səliqə-sahmanı çox yüksək səviyyədədir. Tavan, döşəmə, divarlar zövqlə rənglənib. On tərəfdə iri lövhə asılıb. Sinif otağımızın divarlarını Azərbaycanın məşhur şair və yazıçılarının əsərlərindən seçilmiş şeir nümunələri, hikmətli sözlər, aforizmlər bəzəyir. Sevimli şairimiz S.Vurğunun «Azərbaycan» şeiri bu qəbildəndir. «Qarabağı unutma!» plakatı isə giriş qapısı ilə üzbəüzdə asılıb. Biz hər dəfə sinfə daxil olanda sinəsi dağlı Şuşa qalasının fonunda yazılmış bu sözləri oxuyuruq. Hər dəfə bu plakata baxanda qeyri-ixtiyari olaraq düşünürük: Düşmən tapdağı altında qalan torpaqları xilas etmək bizim Vətən qarşısında ən müqəddəs borcumuzdur.
        Sinfimizdə 21 şagird təhsil alır. Hamı çox mehribandır. Oğlanlar və qızlar bir-biriləri ilə nəzakətlə davranırlar, sanki hamı bir ailənin üzvüdür. Bizi birləşdirən cəhətlər çoxdur. Çalışqanlı, müəllimlərə, böyüklərə hörmət göstərmək, çətin anlarda bir-birinə kömək əli uzatmaq sinfimizin bütün şagirdlərinə xas olan xüsusiyyətdir. Məsələn, sinif nümayəndəmiz Nəzakət olduqca məsuliyyətlidir, hamının qayğısına qalır. Mənimlə eyni parta arxasında oturan Pərvanə isə bir qədər təkəbbürlü olsa da, ürəyiyumşaqdır, dostcanlıdır. Əlbəttə, aramızda bir qədər nadinc xasiyyətli olanlar da var. Əli belə oğlandır. Ancaq o kifayət qədər təəssübkeşdir. Sinfın mənafeyi naminə hər çətinliyə dözməyə, əlindən gələn hər şeyi etməyə hazırdır...
        Sinif rəhbərimiz Bənövşə müəllimə haqqında isə ayrıca söhbət açmaq istəyirəm. O, məktəbimizin ən sayılıb-seçilən müəllimlərindəndir. Bənövşə müəllimə xoşxasiyyətliliyi, dərin biliyi ilə bütün şagirdlərin hörmətini qazanıb. Onunla bizim aramızda sıx ünsiyyət yaranıb, çətinliyimizi, problemlərimizi onunla bölüşürük. O isə hər şagirdlə öz dilində danışır, çətinliyə düşəndə, hansısa bir problemlə üzləşəndə bizə yardımçı olur.
        Sinfimiz məktəb miqyasında keçirilən tədbirlərdə, müxtəlif fənn olimpiadalarında fəal iştirak edir. Sonuncu olimpiadada sinifimizin altı nümayəndəsi yüksək nəticə göstərərək ümumrespublika olimpiadasında iştirak etmek hüququ qazandı. Sinif şagirdlərinin Novruz bayramı ərəfəsində birlikdə hazırladıqları tamaşa isə uzun müddət məktəbimizdə müzakirə mövzusu oldu. Hamı Nurunun, Səidin, Ləmanın, Sevincin oynadığı rolları təqlid etməyə çalışırdı.
        Biz birlikdə sinfimizin «İstedad» adlı divar qəzetini buraxırıq. Sinfin, demək olar ki, bütün şagirdləri bu qəzetin əməkdaşlarıdırlar. Qəzetin hər nömrəsində maraqlı məqalələr, istedadlı şagirdlərin yazdıqları kiçik həcmli hekayələr, şeirlər, lətifələr dərc olunur. Qəzetin «Bizim əlaçılar», «Təbiətsevərlər», «Yurdumuz, tariximiz», «Ana Vətən çağırır!» kimi rubrikaları var.
        Sinfimizin şagirdləri dərslərdə çalışqan və intizamlı olduqları kimi, yaxşı əylənməyi də bacarırlar. Biz bayramları, əlamətdar günləri hamılıqla bir yerdə keçirməyi xoşlayırıq. Belə günlərdə, adətən, şəhərin görməli yerlərini gəzintiyə çıxırıq. Ötən tətildə biz Bakının beşiyi sayılan içərişəhərdə olduq. Buradakı Qız qalası, Şirvanşahlar sarayı, məscid, hamam, karvansara kimi maddi-mədəniyyət abidələri çox heyrətamizdir. Dənizkənarı parkda birlikdə keçirdiyimiz anlar da xoş xatirə tək yaddaşımıza hopub... Beləliklə, sinfimiz mehriban ailəyə bənzəyir. Hər yerdə, hər zaman birlikdə olmaq bizim üçün ən böyük xoşbəxtlikdir. Bəzən biz gələcək barədə müzakirələr açırıq. Gələcəklə bağlı arzuları bölüşmək nə qədər xoş olsa da, məktəbi bitirib bir-birimizdən ayrılacağımızı düşünmək bir o qədər ağırdır. Nə gizlədim, bəzən ürəyimizdə şıltaq bir arzu baş qaldırır - istəyirik ki, zamanın anlarını dayandıraq. Ancaq bu mümkün deyil. Buna görə də daha artıq dərəcədə mehriban olmağa, sinfimizlə bağlı xoş xatirələrin sayını hər gün artırmağa çalışırıq...
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol